Əmək hüquqları və ya işçi hüquqları həm işçilərlə həm də işəgötürənlər arasındakı əmək münasibətləri ilə əlaqəli qanuni hüquqlar və insan hüquqlarıdır. Bu hüquqlar milli və beynəlxalq əmək və məşğulluq qanunlarında kodlaşdırılmışdır. Ümumiyyətlə, bu hüquqlar əmək münasibətlərində əmək şəraitinə təsir göstərir. Ən önəmli olanlardan biri, birləşmə azadlığı haqqı, başqa sözlə təşkilatlanma hüququdur. Həmkarlar ittifaqlarında təşkil olunan işçilər iş şəraitini yaxşılaşdırmaq üçün kollektiv müqavilə hüququndan istifadə edirlər.
Azərbaycan Respublikasının qanunvericiliyində işçinin hüquqlarının qorunmasına yönəlmiş kifayət qədər geniş qanunvericilik bazasının olmasına baxmayaraq, əksər işçilərin öz hüquqları barədə kifayət qədər məlumatlı olmamaları, bəzi işəgötürənlər tərəfindən onların hüquqlarının pozulmasına zəmin yaradır.
Əmək qanunvericiliyi ilə tənzimlənən bütün məsələlər barədə izah verməyə texniki cəhətdən imkan olmasa da, istərdim Əmək məcəlləsi ilə nəzərdə tutulmuş işçilərin bir sıra hüquqlarını və tez-tez rast gəlinən problemlərə hüquqi yanaşmanı qısa formada izah edək.
Əmək münasibətlərinin tərəfləri və Əmək müqaviləsi.
Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir.
İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlamaq hüququna malikdir.
İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
Əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Əmək müqaviləsi nə üçün vacibdir?
Yaxşı yazılmış əmək müqaviləsi həm işəgötürən, həm də işçi üçün faydalı ola bilər.Səbəbi:
İş vəzifələrini aydınlaşdırır.
Hər bir tərəfin hüquqlarını izah edir.
İşçiyə daha yaxşı iş təhlükəsizliyi verir.
Xüsusi texnika və ticarət sirləri kimi şirkət məlumatlarını qoruyur.
Əmək müqaviləsi üzrə işçinin əmək funksiyası.
İşçi və işəgötürənin əmək münasibətləri rəsmən əmək müqaviləsi imzalandıqdan və elektron qeydiyyatdan keçdikdə sonra yaranır. Müqaviləni imzalayarkən işçinin hansı əmək funksiyalarını yerinə yetirəcəyini nəzərdən keçirməyi tövsiyyə olunur. İşçi özünün müqavilə üzrə əmək funksiyalarını bildiyi halda, işəgötürən onu müqavilədə nəzərdə tutulmamış digər işlərlə “yükləyə” bilməz. Bundan əlavə, müqaviləni imzalayarkən, işçi əmək funksiyalarının tam və birmənalı əks olunduğuna əmin olmalıdır. İşəgötürən işçinin müqavilə üzrə yerinə yetirməli olan işlərin dairəsini dəqiq və birmənalı müəyyən etməyə borcludur. Qanunvericilik bunu ona görə nəzərdə tutub ki, işəgötürən müqavilədə qeyri-müəyyən, mücərrəd funksiyalar göstərməklə gələcəkdə işçiyə əlavə iş həvalə edə bilməsin. İşçidən əmək müqaviləsində nəzərdə tutulmamış işlərin yerinə yetirilməsi tələb edilə bilməz.
Əmək müqaviləsi hər hansı bir əmək münasibətinin əsas elementidir. Buna görə də onun məzmunu diqqətlə nəzərdən keçirilməli və təqdim edilməlidir.
İşçilərin əmək fəaliyyəti vaxt anlayışı ilə sıx sürətdə bağlıdır. İş vaxtı əmək prosesində işçinin işəgötürənin sərəncamının və öz əmək vəzifələrinin yerinə yetirilməsinə sərf etdiyi vaxtdır. Bu işəgötürənin bütün sərəncamlarına deyil, yalnız əmək müqaviləsi və daxili əmək nizam qaydlarına uyğun surətdə verilən sərəncamlarına aiddir.
İş vaxti bir qayda olaraq qanunla müəyyən edilir. Bununla belə, iş vaxtının qanun əsasında da müəyyənləşdirilməsi mümkündür. Tam iş vaxtı dedikdə, müddəti qanunla müəyyən tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin öz əmək funksiyalarını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman başa düşülür. Buna normal iş vaxtı deyilir. Qanun iş vaxtının 2 normasını müəyyən edir:gündəlik və həftəlik iş norması. Gündəlik iş vaxti norması 8 saatdan ibarətdir. Həftəlik iş vaxtı norması 40 saatdan çox ola bilməz. Həm 5 günlük, həm də 6günlük iş həftəsi müəyyən edilə bilər. Qisaldılmış iş vaxtı odur ki, o, normal iş vaxtına nisbətən “qısadır”. İş vaxtının bu növü həftəlik və günlük iş vaxtının azaldılması deməkdir. Qeyd etmək lazəmdır ki, iş vaxtının qısaldılması əmək haqqına qəti təsir göstərmir.
İstirahət vaxtı odur ki, həmin vaxt ərzində işçi öz əmək funksiyasını yerinə yetirməkdən azad olur və ondan istədiyi kimi istifadə edir. İstirahət vaxtı şəxsin istirahət hüququ ilə bağlıdır. Konstitusiyanın 36-cı maddəsi vətəndaşın istirahət hüququnu təsbit edir: hər kəsin istirahət hüququ vardır. Qüvvədə olan əmək qanunvericiliyi, o cümlədən əmək hüquq elmi istirahət vaxtının əsasən 4 növünü fərqləndirir.
İstirahət günləri
Fasilə
Bayram günləri
Məzuniyyət
Bayram günləri iş günü hesab edilən və edilməyən olmaqla 2 qrupa bölünür. İstirahət vaxtı iş günü hesab edilən bayram günlərini əhatə edir.Bunlar adətən ictimai əhəmiyyətli əlamətdar hadisələrə, ənənəvi tarixə həsr edilir. Həftələrarası istirahət və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Bayram günləri yalnız istehsalat-texniki şəraitinə görə dayandırılması mümkün olmayan işlərə, habelə əhaliyə xidmətlə əlaqədar işlərə yol verilir.
İşçi iş vaxtından artıq işləməyə borclu deyil. Əmək qanunvericiliyi işçilərin iş saatlarına müəyyən məhdudiyyətlər nəzərdə tutub. Bu məhdudiyyət ona yönəlib ki, işçi iş günləri arasında normal istirahət edə bilsin.İşçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yalnız onun razılığı ilə yol verilir.
Məzuniyyətə çıxan işçinin məzuniyyət pulu məzuniyyətdən əvvəl ödənilməlidir (məzuniyyət vaxtı üçün orta əmək haqqı). Bir sıra müəssisələrdə müəyyən səbəblərdən işçinin məzuniyyət pulu (məzuniyyət vaxı üçün orta əmək haqqı) işçiyə məzuniyyətə çıxdıqdan sonra, bəzi hallarda isə hətta növbəti ayın əmək haqqısı ilə birlikdə ödənilir. Bu qanunazidd haldır və işçinin hüquqlarını pozur. Əmək məcəlləsinə əsasən, məzuniyyət pulu, məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməlidir. Əks təqdirdə, işçi tələb edə bilər ki, məzuniyyətinin başlanğıcı, ona məzuniyyət pulunun ödənildiyi gündən hesablansın.
Gecikdirilən əmək haqqına görə faiz ödənilməlidir. İşçinin əmək haqqı əmək müqaviləsində nəzərdə tutulmuş müddətdə ödənilməlidir. Əgər əmək haqqının ödənilməsi işəgötürənin günahından gecikərsə, hər gecikmiş gün üçün əmək haqqının ən azı 1 faizi məbləğində ödənc ödənilməlidir.
İşçiyə iş yerindən arayış vermək işəgötürənin vəzifəsidir. Təcrübədə rast gəlinən hallardan biridə odur ki, bəzi işəgötürənlər işçilərinə vəzifələri və gəlirləri barədə arayış verməkdən imtina edirlər. Bu cür imtina əsassızdır. İşəgötürən bu cür arayışları verməyə borcludur.
Həmkarlar ittifaqı işçinin hüquqlarını müdafiə etməlidir. Məlum olduğu kimi, həmkarlar ittifaqı təşkilatının əsas məqsədlərindən biri, işçilərin hüquqlarının qurunmasıdır. İşçilərin sayı və ştatları ixtisar edildikdə, habelə həmkarlar ittifaqının üzvü olan işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirmədikdə, həmçinin Əmək məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hallarla bağlı işçinin əmək müqaviləsinə xitam verilməmişdən öncə, həmkarlar ittifaqı təşkilatının razılığı alınmalıdır. Razılığ dedikdə, həmkarlar ittifaqı təşkilatı işçinin işdən azad edilməsi barədə işəgötürənin təqdimatının nə dərəcədə əsaslı və ədalətli olduğunu yoxlayır. Əgər işçinin işdən azad edilməsi qanunazidd hesab edilərsə, həmkarlar ittifaqı təşkilatı işçinin işdən azad edilməsinə razılıq verməməlidir. Attestasiyanın keçirilməsi üçün yaradılmış komissiyanın üzvlərindən biri həmkarlar ittifaqının nümayəndəsi olmalıdır. Həmkarlar ittifaqı öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Bu yazıda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün əsas məsələləri qısa formada izah etdik.Bu məsələlərə göz gəzdirmədən əvvəl hər bir işçi sadəcə bunu bilməlidir və əmin olmalıdır ki,onların hüquqları toxunulmazdır.
Hazırladı: Aynur Heydərova( Ekaryera.az, kontent menecer)